DÜNYA


Berlində sonuncu terror aktının yeni təfərrüatları məlum olub

Berlin, 21 dekabr, AZƏRTAC

Berlindəki milad bazarında 12 nəfərin həlak olması ilə nəticələnmiş terror aktından sonra bu hadisə ilə bağlı yeni təfərrüatlar üzə çıxır. Bu məlumatların əksəriyyəti qətl alətinə çevrilmiş yük maşınının sürücüsünə bir və ya bir neçə cinayətkar tərəfindən hücum edilməsi və maşının ələ keçirilməsi ilə bağlıdır.

Dekabrın 21-də Almaniyanın RBB media şirkətinin internet-portalında dərc edilmiş məlumata görə, polşalı hüquq mühafizəçiləri Polşa vətəndaşının xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı üzrə təhqiqat aparmağa başlayıblar. Məlumatda qeyd edilir ki, həlak olmuş sürücüyə hücum edən onun maşınının kabinəsindəki naməlum şəxs olub. Yük maşınının məxsus olduğu firmanın sahibi Ariel Juravski öz işçisini fotoşəkilə əsasən tanıyıb. Juravski bildirib: “Sürücünün üzündə kəsici alətlə vurulmuş yaralar var”.

“Bild” qəzeti meyitin yarılması nəticəsində əldə edilmiş məlumatlara istinadla göstərir ki, sərnişin yerində tapılmış sürücü yük maşını adamların üstünə sürülənə qədər sağ olub. Ekspertin fikrincə, sürücü maşının cinayətkar tərəfindən adamların üstünə sürülməsinə mane olmaq üçün sükanı tutmağa çalışarkən cinayətkar ona bir neçə bıçaq zərbəsi vurub. DPA agentliyinin məlumatına görə, bundan sonra sürücüyə kiçik çaplı odlu silahdan atəş açılıb, lakin həmin silah hələ də tapılmayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.