SİYASƏT
Berlindəki Ermənistan səfirliyi önündə etiraz aksiyası keçiriləcək
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 9-da Ermənistanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək.
Bu barədə AZƏRTAC-a Dünya Azərbaycanlıları Assambleyasından məlumat veriblər. Bildirilib ki, aksiya Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək, bu günlərdə düşmən ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və nəticədə 50 yaşlı qadının və nəvəsinin erməni gülləsindən həyatlarını itirməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq.
Aksiyada “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək.
Mitinqlə bağlı icazə alman polisinə xəbərdarlıq məktubu bu gün təqdim ediləcək.
Qeyd edək ki, aksiya iyulun 9-da saat 15:00-da Ermənistanın Berlindəki səfirliyinin (Nußbaumallee 4, 14050 Berlin) qarşısında təşkil olunacaq.