DÜNYA


Berlindəki hadisə terror aktıdırmı? [YENİLƏNİB] VİDEO

A+ A

Berlin, 20 dekabr, AZƏRTAC

AZƏRTAC-ın artıq xəbər verildiyi kimi, bazar ertəsi, dekabrın 19-da yerli vaxtla axşam saat 20 radələrində Berlindəki Milad bazarında bir yük maşınını insanların üstünə sürüblər. Braytşaydplats meydanındakı Kayzer Vilhelm memorial kilsəsinin (bu kilsəyə Gedextniskirxe – Anım kilsəsi də deyilir) yaxınlığında yerləşən bu bazar Almaniya paytaxtının ən populyar bazarlarından biridir. Hər il buraya bir milyona qədər insan gəlir. Həmin axşam bazar meydanında minlərlə adam var idi.

Yük maşını insanları əzə-əzə, ticarət çadırlarını dağıda-dağıda 50-80 metr gedib. Maşının kabinəsində iki nəfər olub. Polis onlardan birini – sərnişin yerində əyləşən adamı ölmüş vəziyyətdə aşkar edib. Yük maşınının sürücüsü isə maşından düşüb gizlənməyə çalışıb. Bunu görən vətəndaşlardan biri onu təqib etməyə başlayıb və polisə xəbər verib. Ehtimal edilən cani hadisə yerindən təxminən iki kilometr aralıda polis tərəfindən saxlanılıb.

Yük maşınının altında qalan 12 nəfər həlak olub. Maşının kabinəsində olan şəxsin ölümünün səbəbi polis tərəfindən açıqlanmayıb. Daha 48 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yük maşını Ariel Zuravskinın Polşadakı firmasına məxsus olub. Firma sahibi bildirib ki, həmin yük maşını İtaliyadan Berlinə polad konstruksiyalar daşıyırdı. Sükan arxasında Zuravskinin yaxın qohumu olmalı idi, lakin saat 16-da etibarən onunla əlaqə kəsilib. Maşının oğurlanması və cinayətkarların əlinə keçməsi istisna olunmur. Maşının kabinəsində, sərnişin yerində meyiti tapılmış şəxs, polisin məlumatına görə, Polşa vətəndaşı olub.

Polis tərəfindən saxlanılmış sürücü barədə ilk məlumatlar bu gün səhər açıqlanıb. Bildirilir ki, sükan arxasındakı sürücü polyak deyil, pakistanlı və ya əfqanıstanlı olub. Bu şəxs Almaniyaya 2016-cı ilin fevral ayında qaçqın kimi gəlib. Saxlanılmış şəxsin eyniləşdirilməsini çətinləşdirən budur ki, onun bir neçə saxta adı olub. Berlində çıxan “Tagesspiegel” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yazır ki, saxlanılmış şəxs haqqında polisin əvvəldən məlumatı olub, lakin bu məlumatlar həmin şəxsin terror fəaliyyəti ilə deyil, xırda cinayətləri ilə bağlıdır.

Hakimiyyət orqanları bu hadisənin terror aktı olub-olmaması sualına hələlik qəti cavab verməyiblər. Bununla bərabər, Almaniya XİN başçısı Tomas de Mezyer deyib: “Bir sıra əlamətlər göstərir ki, bu hadisə terror aktıdır”.

Çərşənbə axşamı, dekabrın 20-də səhər istintaq orqanları bildiriblər ki, “yük maşınının Milad yarmarkasında toplaşmış insanların üstünə qəsdən yönəldilməsi güman edilir”. Berlin polisi ilk dəfə bildirib ki, “bu hadisənin terror hücumu olması ehtimal edilir”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.