SİYASƏT


Berndə 28 May - Respublika Gününə həsr olunmuş qəbul keçirilib VİDEO

Bern, 24 may, AZƏRTAC

28 May – Respublika Günü və Azərbaycan ilə İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə ölkəmizin İsveçrədəki səfirliyi tərəfindən Bern şəhərində qəbul təşkil edilib.

Üç yüzdən çox qonağın qatıldığı tədbirdə İsveçrənin federal və kantonal qurumlarının rəsmiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, elm xadimləri, işgüzar dairələrin nümayəndələri, eləcə də İsveçrədəki Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Səfir Əkrəm Zeynallı çıxışında müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verib. Diplomat qeyd edib ki, qısa dövr ərzində mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bir sıra siyasi və iqtisadi islahatlar reallaşdırıb, qadınların seçki hüququ əksər Avropa ölkələrindən daha tez təmin edilib. O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan, 1991-ci ildə müstəqilliyini bərpa edən hazırkı Azərbaycan Respublikasının Ermənistanın təcavüzünə məruz qalmasına, ərazisinin bir hissəsinin işğal edilməsinə və ciddi iqtisadi, sosial və humanitar problemlərlə üz-üzə qalmasına baxmayaraq, ümummilli lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində müstəqilliyini qoruduğunu, siyasi və iqtisadi sabitlik yoluna qədəm qoyduğunu bildirib. O, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ölkəmizin bölgənin aparıcı dövlətinə, eləcə də beynəlxalq münasibətlər sisteminin nüfuzlu iştirakçısına çevrildiyini vurğulayıb.

Azərbaycan-İsveçrə münasibətlərinə toxunan səfir Ə.Zeynallı bu münasibətləri dostluq, qarşılıqlı hörmətə və etimada əsaslanan tərəfdaşlıq əlaqələri kimi xarakterizə edib, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının əsasını yüksək səviyyəli siyasi dialoqun təşkil etdiyini bildirib. Son illər ərzində dövlət başçılarının 16 ikitərəfli görüş keçirməsini münasibətlərimizin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu qeyd edən səfir məhz bu intensiv siyasi dialoqun ikitərəfli əlaqələrimizin dərinləşməsinə və iqtisadi əməkdaşlığımızın güclənməsinə xüsusi töhfə verdiyini söyləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir İsveçrənin bu münaqişənin həlli istiqamətindəki səylərini, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ev sahibliyi etməsini yüksək qiymətləndirib, tezliklə beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına ümid etdiyini bildirib.

İsveçrə tərəfindən çıxış edən İsveçrə parlamentinin Azərbaycan ilə dostluq qrupunun rəhbəri senator Filippo Lombardi Azərbaycanı dost ölkə olaraq qəbul etdiklərini, iki ölkə arasında çoxlu oxşarlığın olduğunu, İsveçrənin Azərbaycanın inkişafında maraqlı olduğunu, bölgəmizdə sülhün və əmin-amanlığın bərqərar olmasını arzu etdiklərini və şəxsən özünün təmsil olunduğu müxtəlif beynəlxalq təşkilatların parlament ölçüsü çərçivəsində bunun üçün səylərini əsirgəməyəcəyini qeyd edib. O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin artıq uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik etdiklərini, lakin artıq nəticə verməyin vaxtının yetişdiyini vurğulayıb. Bu baxımdan o, tək Minsk qrupu həmsədr ölkələrinin deyil, bütün dünya ictimaiyyətinin, o cümlədən İsveçrənin bu münaqişənin həllinə töhfəsini verməli olduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin müasir Azərbaycanın görüntülərindən ibarət video-çarx nümayiş etdirilib və milli mətbəximizin təamları qonaqlara təqdim olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.