SİYASƏT
Berndə Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunan elmi konfrans keçirilib
Bern, 20 oktyabr, AZƏRTAC
Bern Universitetində Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə elmi konfrans keçirilib.
Professor Deniz Brül-Mozerin moderatorluğu ilə keçirilən konfransda Boxum Sülh və Hərbi Münaqişə üzrə Beynəlxalq Hüquq İnstitutunun professoru Hans-Yoaxim Hayntse, İstanbul Koç Universitetinin Qlobal Ümumi Hüquq Mərkəzindən Valentina Azarova, Avropa İnsan Haqları Məhkəməsində sözügedən iş üzrə üçüncü tərəf qismində Azərbaycanın maraqlarını təmsil edən Avstriyanın “Lansky, Ganzger und Partner” hüquq şirkətinin rəhbəri Qabriel Lanski, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və “Mergen Consulting” şirkətinin rəhbəri Rəhmi Doğan məruzə ilə çıxış ediblər.
Məruzəçilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə diqqəti cəlb edib, Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratlarını nə üçün məhz Azərbaycan daxilində təyin etməli olduqlarını əsaslandırıb, daha sonra konkret məhkəmə işi ilə bağlı Azərbaycan və Ermənistan tərəfinin təqdim etdiyi dəlil və faktları və onlara Məhkəmənin verdiyi qiyməti, nəhayət, bununla bağlı çıxardığı qərarı təhlil ediblər. Bir daha vurğulanıb ki, məhkəmə təcavüz aktını bilavasitə dəyərləndirmək niyyətində olmasa da, münaqişənin tərəfi kimi ən başlanğıcdan məhz Ermənistanın olduğunu öz qənaətləri ilə təsbit edib. Bundan irəli gələrək, məruzəçilər Ermənistan-Azərbaycan münaqişəsində məhz hərbi işğal faktının baş verdiyini, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiq ediblər.
İsveçrənin elmi və siyasi dairələrinin, o cümlədən federal hakimiyyət qurumlarının, Berndə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, eləcə də İsveçrə universitetlərinin tələbələrinin qatıldıqları konfrans sonra interaktiv şəkildə davam etdirilib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bern