İQTİSADİYYAT


Bərpa Olunan Enerji üzrə BMT-nin ekspertlər qrupunun sessiyası ilk dəfə mənzil-qərargahdan kənarda - Bakıda keçiriləcək VİDEO

A+ A

Bakı, 11 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə oktyabrın 18-21-də Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyası (AİK) tərəfindən Bakıda “Dayanıqlı inkişaf üçün enerji” Beynəlxalq Forumu, “Bərpa Olunan Energetikanın inkişafı” beynəlxalq konfransı və Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə ekspertlər qrupunun növbəti sessiyası keçiriləcək. Tədbirdə BMT AİK-in 56 üzv dövlətindən və BMT-nin digər regional komissiyalarına üzv olan ölkələrdən 300-dən çox hökumət rəsmisi, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar, alimlər və ictimaiyyət nümayəndələri iştirak edəcək. Bu mötəbər tədbirin Azərbaycan üçün əhəmiyyəti, konfransın hazırlığı və təşkili barədə ABOEMDA-nın sədr müavini Cəmil Məlikov AZƏRTAC-ın suallarını cavablandırıb.

- Cəmil müəllim “Dayanıqlı İnkişaf üçün Enerji” Beynəlxalq Forumunun Bakıda keçirilməsinə necə qərar verildi?

- Əlbəttə, bu öncədən düşünülmüş önəmli faktordur. Belə ki, forum həm 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü, həm də 20 - oktyabr energetiklərin peşə bayramı gününə təsadüf edir. Bakıda keçiriləcək forum sayca 7-ci beynəlxalq forumdur. Lakin məhz bu forumda ilk dəfə olaraq BMT AİK regionlarında bərpa olunan energetikanın vəziyyətinə dair beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Yəni belə bir konfrans indiyə kimi heç vaxt olmayıb. Bundan əlavə, BMT öz sessiyalarını Cenevrədəki mənzil-qərargahından kənarda ilk dəfə olaraq, məhz Bakıda keçirəcək.

ABOEMDA-nın nümayəndəsi BMT AİK-in bərpa olunan və enerji effektivlik ekspertlər qrupunun üzvüdür. Bu iclasın Azərbaycanda keçirilməsi və ölkəmizin təcrübəsinin, Azərbaycanda görülən işlərin həm təşviqatı, həm ictimaiyyətə məlumatın yayılması, həm də bizim təcrübəmizin beynəlxalq aləmə çatdırılması məsələsi hələ 2015-ci ilin əvvəllərində gündəmə gəlmişdi. Biz elə 2015-ci ilin axırına qədər belə bir tədbiri keçirmək istəyirdik. Bu forumun dövlət tərəfindən keçirilməsi artıq 2016-cı ilin büdcəsində öz əksini tapıb, AİK-in tərəfdaşı - Azərbaycan hökumətidir.

Azərbaycanın maraqlı strateji müttəfiq və sahə üzrə özünə məxsus təcrübəyə malik olduğunu nəzərə alaraq, bu dəfə BMT öz sessiyalarını ənənədən kənar olaraq, məhz Bakıda və Bakı forumu çərçivəsində keçirməyə qərar verib. Onu da qeyd etməliyəm ki, bu forumda qlobal miqyasda sahə üzrə beynəlxalq nüfuza malik Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi və Beynəlxalq Enerji Agentliyi tərəfindən mövcud BMT AİK region vəziyyətinə dair müxtəlif hesabatlar təqdim ediləcək. Bu isə öz növbəsində reprezentiv göstəricilər hesabına gələcək addımların formalaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edəcək.

Sözsüz ki, belə bir forumun həyata keçirilməsi kifayət qədər böyük miqyasda olduğuna görə, çox böyük sayda mütəxəssislərin bura cəlb olunması, artıq dünyanın bütün bölgələrdən – Avstraliyadan ABŞ-dək, Çindən - Böyük Britaniyaya qədər nümayəndələr forumda öz fəaliyyəti və iştirakını təsdiq edib. Bu baxımdan belə bir irimiqyaslı forumun 2016-cı ildə Azərbaycanda keçirilməsi əlbəttə artıq dövlət tərəfindən dəstəklənib və təsdiqlənib, bunun üçün lazımi hazırlıq işləri də həyata keçirilib. Forumun iştirakçısı və təşkilatçısı rolunda olan ABOEMDA ümidvardır ki, forumun həyata keçirilməsində özünün imkanlarından, bacarığından istifadə edərək, eləcə də partnyorlarının dəstəyi nəticəsində bütün işləri uğurla başa çatdıra biləcək.

- Forumun ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?

- Belə forumların keçirilməsi Azərbaycan üçün sözsüz ki, bir neçə istiqamətdə öz mənfəətini və xeyrini gətirir. İlk növbədə əlbəttə Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, Azərbaycanın bu günədək əldə etdiyi sosial-iqtisadi sahələrində həyata keçirilən layihələr, nailiyyətlər haqqında məlumatın çatdırılmasıdır. Digər tərəfdən isə Azərbaycanın problemləri haqqında dünya ictimaiyyətini məlumatlandırmaq, o cümlədən Qarabağ problemi barədə dəqiq, düzgün məlumatlar təqdim etməkdir. Bu istiqamətdə bütün beynəlxalq tədbirlərdə Azərbaycan öz mövqeyini ictimaiyyətə çatdırır.

Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, bərpa olunan energetika və enerji effektivliyi sahəsinin dünyada aktual olmasını və qlobal miqyasda bu istiqamətlərdə hansı işlərin görüldüyü, hansı vacib bəyannamələr və yaxud qanunvericiliyinin inkişafı, texnologiyaların inkişafı haqqında məlumatların Azərbaycanın texniki, sosial və hakimiyyət orqanlarına çatdırılması çox vacibdir. Azərbaycanda da bu məsələnin aktuallığı əlbəttə hökumət tərəfindən, ən əsası isə Prezident İlham Əliyevin qərarları və siyasəti əsasında gündəmdədir.

Ənənəvi forum üçün böyük bir yenilik olacaq. Bərpa olunan enerjinin ümumi enerji balansında həcminin artırılması, eyni zamanda iqtisadiyyatın bütün sahələrində tətbiq olunması məsələsi, ətraf mühitə təsirin azaldılması ilə ekoloji tarazlığın qorunub saxlanılması üçün atılacaq addımlar, investisiyaların cəlb edilməsi istiqamətində görülməsi tələb olunan tədbirlər, icmaların yeni və modern enerji ilə təmin edilməsi kimi məsələlər Bakı forumda müzakirəyə çıxarılacaq. Bunun əsasında da, forumun nəticəsi olacaq “Bakı-Fəaliyyətə Çağırış” bəyannaməsi tərtib ediləcək. Eyni zamanda müzakirələr əsasında qəbul ediləcək Bakı bəyannaməsinin əlavəsi olan Ministerial Astanada keçirilməsi nəzərdə tutulan növbəti 8-ci forumda nazirlərin imzası ilə öz təsdiqini tapacaq.

- Bakı forumu hansı yenilikləri ilə yadda qalacaq?

- Hər kəsə məlumdur ki, Azərbaycanda böyük və mötəbər bir forum keçiriləcək. Belə bir mötəbər forumun Azərbaycanda keçirilməsi ölkəmizin dünyada öz sözünü deyə bilən bir dövlət olduğunu bir daha sübut etmiş olur. Azərbaycanda olduqca maraq doğuran təcrübələr var. Bu təcrübələrdən yararlanmaqda hər bir ölkə maraqlıdır. Bunları əsas gətirərək, söyləmək olar ki, Azərbaycan artıq müəyyən reytinq qazanıb. Bu gün Azərbaycan dünya ölkələri arasında yalnız neft-qaz ixrac edən ölkə kimi yox, bərpa olunan enerji sahəsində də, gənc və mütərəqqi bir ölkə kimi tanınır. Təbii ki, enerji sahəsi gəlirli bir sahədir, bərpa olunan enerji isə onun bir qolu kimi mühüm rol oynayır. Bərpa olunan energetikanın rolunun dünya miqyasında artması birmənalı şəkildə yüksək reytinqə nail olacağına işarə edir. Əlbəttə ölkəmiz birtərəfli qaydada inkişaf etmir. Bu gün Azərbaycan iqtisadiyyatın müxtəlif sahələri üzrə kifayət qədər öz sözünü demiş bir ölkədir. Bu da Bakıda keçiriləcək forumun perspektivlərini görünən edir.

- Alternativ və bərpa olunan enerji mənbələri sahəsi üzrə Azərbaycanda reallaşdırılan layihələr, onların əhəmiyyəti və gələcək perspektivləri nədən ibarətdir?

- Bildiyiniz kimi, ABOEMDA bu sahənin inkişaf siyasətini həyata keçirir. Bu inkişaf ondan ibarətdir ki, həm müasir texnologiyalar və innovasiyaların Azərbaycana gətirilərək onların tətbiq olunmasının təmin edilməsi, həm də bu sahənin iqtisadiyyatın digər sahələrinə cəlb olunması, istifadə edilməsi və tətbiq olunmasına nail olmaqdır. Belə bir məsələlərin həllində biz bir neçə irimiqyaslı və dünya çərçivəsində nümunəvi layihələrin həyata keçirilməsində artıq ilk addımları atmışıq. Ümidvarıq ki, layihələrin miqyasını, dəyərini, çoxsahəli olmasını nəzərə alaraq burada kifayət qədər hazırlıq işləri görülməlidir ki, onlar uğurla başa çatdırıla bilsin.

İlk öncə bizim çox maraqlı və artıq həyata keçirilən bir layihəmizi qeyd etmək istəyirəm. Bu, Samux Aqroenerji Kompleksi layihəsidir. Həmin layihə çərçivəsində dövlət və özəl strukturlarının birgə fəaliyyəti nəticəsində dövlət tərəfindən infrastruktur məsələlərinin həlinin həyata keçirilməsi nəzərdə tutulur. O cümlədən yolların, enerji resurslarının, torpaq sahələrinin bu istiqamət üçün ayrılması özəl strukturlar tərəfindən kənd təsərrüfatı sahəsinin inkişafına və həmin kənd təsərrüfatı sahəsində bərpa olunan enerji mənbələri hesabına məhsulların maya dəyərinin aşağı salınması, onların dayanıqlı inkişafının təmin edilməsi və bərpa olunan enerji mənbələrinin hesabına yeni texnologiyaların cəlb olunmasıdır.

Hazırda Azərbaycanda istixana sahəsi kifayət qədər güclü inkişaf edir və dünyada artıq istixanaların bərpa olunan enerji mənbələri hesabına məhsuldarlığının artırılması, məhsulların keyfiyyətinin artırılması çox gözəl nəticələr verir. Həm əlavə işıqlandırılmasından tutmuş, torpağın istiliyinin və yaxud geotermal mənbələrin hesabına istilik enerjisi ilə təchizatı məsələləri bərpa olunan enerji mənbələri hesabına öz həllini tapıb. Həm də kənd təsərrüfatı məhsullarının tullantılarının hesabına qazların alınması və yaxud istilik enerjisi alınması üçün onların istifadəsi hazırda həmin istixanaların mənfəətinin artılmasında, maya dəyərinin azalmasında və sair kifayət qədər böyük rol oynayır. Bu tipli layihələrin Samux Aqroenerji Kompleksi çərçivəsində həyata keçirilməsi artıq mövcuddur.

Bildiyiniz kimi, Azərbaycanda heyvandarlıq kifayət qədər çox inkişaf edib və bu sahənin tullantıları böyük ekoloji problemlərə gətirib çıxara bilər. Avropa ölkələrində heyvandarlıqla məşğul olanlar tullantıların emalı və utilizasiyasını özləri həyata keçirir. Azərbaycanda da tullantıların emalı nəticəsində bioqazın, gübrələrin və sair bu tipli əlavə məhsulların alınması ilə təbiətə vurulan zərərin qarşısını almaq olar.

Alternativ enerji mənbələri hesabına həyata keçirilən layihələr təkcə enerji istehsalı məqsədilə reallaşdırılmır. Bizim hər bir stansiyamızın məqsədi ondan ibarətdir ki, stansiyanın ətrafında iqtisadiyyatın digər sahələrini də inkişaf etdirməkdir, kənd təsərrüfatı sahəsində suvarma, emal, meyvə qurutma və istixanalar sistemini təmin etməkdir. Çünki bərpa olunan enerji mənbələrindən istifadə ekoloji təmiz, müasir texnologiyaların həm nümayişidir, həm də onun hesabına enerjinin əldə olunmasıdır və bu təmiz enerjinin istifadəsi üçün yeni sahələrin açılması deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.