SİYASƏT


Bert Koenders: Ötən 25 il ərzində Niderland-Azərbaycan əlaqələri uğurla inkişaf edib

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Respublikası və Niderland Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ölkəmiz və Niderland arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini bildirib, bu xüsusda, ölkəmizdə bir sıra Niderland şirkətlərinin səmərəli fəaliyyətini qeyd edib.

Nazir Azərbaycanın Niderland ilə siyasi dialoqun, təhsil və humanitar sahədə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Niderland Krallığının xarici işlər naziri Bert Koenders Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə Niderlanda səfəri, sabiq xarici işlər naziri Frans Timmermansın 2014-cü ildə və hazırkı iqtisadi işlər naziri Henk Kampın 2016-cı ildə Azərbaycana səfərlərinin buna bariz nümunə olduğunu vurğulayıb.

Bert Koenders Niderlandın və Azərbaycanın Avropa Şurası, ATƏT, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla, bir sıra beynəlxalq platformalar çərçivəsində müxtəlif sahələr üzrə fəal əməkdaşlıq etdiyini bildirib.

Nazir Niderlandın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı istiqamətində olan səylərini dəstəklədiyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.