CƏMİYYƏT
Beş il ərzində 96 milyon meyvə tingi yetişdiriləcək
Bakı, 23 may, G.Mahmudlu, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 4 min hektardan çox arid ərazidə yaşıllaşdırma işləri həyata keçirilib. Əkilən ağacların 2 min hektardan çoxunu zeytun ağacları təşkil edir. Lakin zeytun bağlarının ərazisinin 5 min hektara çatdırılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazir bildirib ki, görülən işlər sayəsində zeytun yağı və zeytun ixracını azaltmaqla yanaşı, yaxın bir neçə il ərzində onun idxalına da nail olmaq olar.
“Azərbaycanda ümumilikdə 7 min hektar aqromeşə əraziləri var. Onun üç min hektarı əvvəlki illərdə salınan qoz, fındıq, şabalıd bağlarıdır. Növbəti beş ildə 96 milyon meyvə tinginin yetişdirilməsi nəzərdə tutulub”, - deyə H.Bağırov bildirib.
Bundan əlavə, o, qeyd edib ki, dəniz suyunun duzsuzlaşdırılması zavodunda emal edilmiş sudan ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə olunur. Eyni zamanda, Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü də iki dəfə artırılaraq sutkada 5000 kubmetrə çatdırılıb.