DÜNYA
Beş ildə iri şirkətlərin vergidən yayındırdıqları məbləğ 64,6 milyard dollara çatıb
Bakı, 14 iyul, AZƏRTAC
ABŞ-ın STJ (Vətəndaşlar Vergi Ədaləti Uğrunda) təşkilatı maraqlı bir hesabat hazırlayıb. Hesabatda fond opsiyonlarından istifadə edən 500 şirkətin fəaliyyəti təhlil olunub.
AZƏRTAC xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən şirkət sahibləri fond opsiyonları sxemindən istifadə edərək külli miqdarda vəsaiti dövlət büdcəsindən yayındırıblar. Açıqlanan rəqəmlər onu göstərir ki, informasiya texnologiyaları korporasiyaları vergi qaçaqçılığında bankirləri geridə qoya biliblər.
Məlum olub ki, bütün şirkətlər opsiyonları yalnız bir məqsəd - vergidən yayınma naminə tətbiq edirlər. Son 5 ildə həmin metoddan istifadə sayəsində vergidən yayındırılan məbləğ 64,6 milyard dollara çatıb. “Qara siyahı”da olan şirkətlərin böyük əksəriyyətini isə bu sahədə fəaliyyət göstərən qabaqcıl korporasiyalar təşkil edir.
“Apple” və “Facebook” bu siyahıda öndə gedənlərdəndir. Onların payına yayındırılmış vergi məbləğinin, müvafiq olaraq 7 və 9 faizi düşür. Digər şirkətlər kimi, bu tanınmış korporasiyalar da fond opsiyonları sxemini tətbiq ediblər. Pula çevirdikdə isə “Apple” və “Facebook”un 5 il ərzində vergidən yayındırdıqları məbləğ 4,7 və 5,7 milyard dollardır.