DÜNYA
Beş ukraynalı “iPhone 7” qazanmaq üçün pasportda adını “Ayfon Sim”ə dəyişib
Bakı, 3 noyabr, AZƏRTAC
Ukraynada “iPhone 7” smartfonlarının rəsmi satışına oktyabrın 21-dən start verilib.
AZƏRTAC-ın “ain.ua” saytına istinadən verdiyi məlumata görə, satışdan əvvəl bir sıra mağazalar mükafat və endirim kampaniyaları elan edib. “Allo” mağazalar şəbəkəsi isə qeyri-adi müsabiqə keçirib. Şəbəkə elan edib ki, pulsuz - 1 qrivna simvolik qiymətə “iPhone 7” əldə etmək istəyənlər rəsmi şəkildə ad-soyadlarını dəyişərək “Ayfon Sim” adlanmalı, sübut kimi yeni pasportları ilə şəkil çəkdirərək şirkətə göndərməli və daha sonra yeni pasportlarını şəxsən şirkətə təqdim etməlidirlər. Bu addımı atan ilk 5 müştəriyə pulsuz smartfon vəd olunub.
Müsabiqənin ilk qalibinə artıq “iPhone 7” hədiyyə edilib, digər 4 qalibə də yaxın günlərdə smartfonlar təqdim olunacaq. Bu şəxslər bir müddət sonra əvvəlki adlarını bərpa etmək, yaxud başqa ad götürmək hüququna malikdirlər.