CƏMİYYƏT
Bəşəriyyəti məhv etməyə qadir olan virusların adları məxfilikdən çıxarılıb
Bakı, 23 yanvar, AZƏRTAC
Davosda növbəti foruma toplaşan beynəlxalq alimlər qrupu Yer kürəsində təhlükəli virusların yayılması mövzusunun müzakirəsi zamanı ən təhlükəli üç virusun adlarını açıqlayıb. AZƏRTAC “Aktualnıye novosti” saytına istinadla xəbər verir ki, bunlar Nipa, MERS və Lasse viruslarıdır.
Mütəxəssislərinin fikrincə, ciddi xəstəliklər törədən “Middle East respiratory syndrome” (MERS) sindromunu xüsusi nəzarətə götürmək lazımdır, çünki planetimizdə kəskin respirator ağrılar və ensefalit törədən çox təhlükəli mikroorqanizmlər yayıla bilər. Nipa virusuna qarşı səmərəli spesifik müalicə indiyə qədər tapılmayıb.
Orqanizmin sistemlərini və daxili orqanları (qaraciyər və böyrək) sıradan çıxaran Lasse qızdırması dünya ölkələrində sürətlə yayılan çox təhlükəli xəstəlikdir. Bəzi hallarda bu xəstəlik sağalmaz olur. Virusun bu tipi üzrə ölüm halları 50 faizdən çoxdur.
“Komsomolskaya pravda” qəzetinin yazdığına görə, alimlər bu viruslara qarşı yeni vaksinlərin hazırlanması üçün ən azı yarım milyon dollar ayrılmasını xahiş ediblər. Belə ki, bu ölümcül infeksiyalar əleyhinə padzəhr qısa müddətdə yaradılmalıdır.
Qeyd edək ki, əvvəllər bu xəstəliklərə qarşı mübarizə aparmaq üçün alimlərə təqribən 460 milyon dollar vəsait ayrılmışdı. Amma bu məbləğ yetərli olmadı. Buna görə də mütəxəssislər forumda investorlara və sponsorlara eynən bu qədər məbləğin ayrılması xahişi ilə müraciət ediblər.