MƏDƏNİYYƏT
Beşinci “Muğam televiziya müsabiqəsi”nin növbəti konserti də yaddaqalan olub
Bakı, 28 fevral, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə reallaşan beşinci “Muğam televiziya müsabiqəsi” davam edir.
AZƏRTAC xəbər verir ki, iki həftədir öz rəngarəngliyi ilə tamaşaçıların görüşünə gələn müsabiqənin növbəti konserti də yaddaqalan olub.
İştirakçılar “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simayi-şəms”, “Kəsmə şikəstə”, “Heyratı”, “Oxşarı”, “Mənsuriyyə” və digər muğam və təsniflərimizi ifa ediblər.
Onları xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovun daxil olduğu münsiflər heyəti qiymətləndirib.
Yarışmanın şərtlərinə görə münsiflər heyəti tərəfindən verilən ballar toplanılır və ən az səs toplamış iştirakçı müsabiqəni tərk edir.
Müsabiqə iştirakçılarından bir nəfərin səhhəti ilə bağlı qatılmadığını nəzərə alaraq bu həftə heç kəs müsabiqəni tərk etməyib. Münsiflərin qərarına əsasən növbəti həftə az bal toplamış 2 iştirakçı müsabiqədən ayrılacaq.
Qeyd edək ki, beşinci “Muğam televiziya müsabiqəsi” konsertləri AzTV və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanır.