MƏDƏNİYYƏT


Bəstəkarlar İttifaqında Cövdət Hacıyevə həsr edilmiş konfrans təşkil edilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş musiqi festivalı çərçivəsində elmi konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək C. Hacıyev dühasının aliliyindən, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi incilərdən və əvəzolunmaz şəxsiyyətindən söz açıb.

F.Əlizadə unudulmaz bəstəkar haqqında xatirələrini bölüşüb, iştirakçılara onun həyat və yaradıcılıq yolu barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış C.Hacıyev peşəkar musiqi kadrlarının hazırlamasında misilsiz xidmətlər göstərib, bu istiqamətdə sözünü demiş pedaqoq olub.

Bəstəkarın musiqi mədəniyyətimizin inkişafı və təbliğindəki xidmətlərini yüksək qiymətləndirən F.Əlizadə deyib ki, Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib.

Qeyd edilib ki, Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. O, simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.

Sonra Əməkdar İncəsənət Xadimləri Həcər Babayevanın “Cövdət Hacıyev - böyük insan, qayğıkeş müəllim”, Zümrüd Dadaşzadənin “Cövdət Hacıyevin simfoniyaları XX əsrin simfonik axtarışları kontekstində”, İmruz Əfəndiyevanın “Cövdət Hacıyev haqqında çap edilən elmi-tədqiqat işlərinə bir nəzər”, Nərgiz Şəfiyevanın “Klassik musiqimizin korifeyi - bəstəkar, pedaqoq, ictimai xadim Cövdət Hacıyev” mövzularında məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.