ELM VƏ TƏHSİL
Beşyaşlı uşaqların 65 faizi məktəbəhazırlıq təhsilinə cəlb ediləcək
Bakı, 23 iyun, AZƏRTAC
Növbəti tədris ilində məktəbəhazırlıq təhsilinə cəlb ediləcək uşaqların sayının ümumilikdə beşyaşlıların 65 faizi həddinə çatdırılması nəzərdə tutulub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün beşyaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2016-2017-ci tədris ilində paytaxtdakı dövlət ümumi təhsil məktəblərində ilk dəfə dövlət hesabına məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Ötən dərs ili BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq təhsil alıb.
Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilib.
Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha intellektual və peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar üçün iki təlim kursu təşkil olunub. Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs keçəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun olaraq keçirilən öyrədici təlimlərə 850 müəllim cəlb edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, keçirilən təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb.