SİYASƏT
Bəyannamə: Ermənistan-Azərbaycan münaqişəsi regionun iqtisadi inkişafına əngəl yaradır
Bakı, 2 mart, AZƏRTAC
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi tərəqqisinə və onun iqtisadi potensialının tam reallaşmasına, əməkdaşlığın həm regional, həm də daha geniş səviyyədə inkişafına əngəl yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikir Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin yekun Bəyannaməsində öz əksini tapıb.
Bəyannamədə İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda mövcud olan həll edilməmiş münaqişələrdən, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlıq bildirilir. Üzv ölkələr, həmçinin bu münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında ən tez zamanda həll edilməsi istiqamətində səylərin artırılmasının vacibliyini qeyd ediblər.