REGİONLAR
Beybit İsabayev: Qazaxıstanla Naxçıvan arasında əlaqələrin inkişaf etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm
Naxçıvan, 16 iyun, Tural Kəngərli, AZƏRTAC
Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Naxçıvan şəhərinin təmizliyi, gözəlliyi, insanların gülərüzlüyü və qonaqpərvərliyi məni valeh etdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev deyib.
Səfir qeyd edib ki, muxtar respublikada bir sıra yüksək səviyyəli görüşlər keçirib. O deyib: “Naxçıvanın iqtisadiyyatı, eləcə də kənd təsərrüfatının yüksək inkişafı haqqında ətraflı məlumat aldım. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı istehsal sahələri, fabrik və zavodların mövcudluğu, bu diyarın enerji idxalçısından ixracatçısına çevrilməsi, Naxçıvanın hərtərəfli inkişafını görmək dost və qardaş ölkənin nümayəndəsi kimi məni çox sevindirdi”.
Qazaxıstanın səfiri vurğulayıb ki, bu gün Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər yüksək səviyyədədir. Bu çərçivədə Qazaxıstanla Naxçıvan Muxtar Respublikası arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat və təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələri qurulmalıdır.
“Bu əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm”, - deyə Beybit İsabayev qeyd edib.