REGİONLAR
Beyləqan rayonunda bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbiri
Bakı, 27 noyabr, AZƏRTAC
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi (İB) tərəfindən “Bələdiyyə seçkilərində region gənclərinin ictimai fəallığının artırılması” layihəsi çərçivəsində Beyləqan rayonunda tədbir keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, qurumun sədri Zaur Quliyev çıxış edərək layihənin əhəmiyyətindən və gənclərin ictimai-siyasi həyatdakı rolundan danışıb. O bildirib ki, gənclər bələdiyyə seçkilərində fəal iştirak etməli, öz seçki hüququndan bəhrələnməlidirlər.
Tədbirin gedişində gənclərə “Bələdiyyələr haqqında” Azərbaycan Respublikasının Qanunu, Seçki Məcəlləsi və digər normativ-hüquqi aktlar barədə məlumatlar verilib.
Tədbirdə iştirak edən gənclər həmyaşıdlarını bələdiyyə seçkilərində fəal iştiraka səsləyiblər.
Qeyd edək ki, layihənin məqsədi 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində region gənclərinin ictimai fəallığının artırılmasına dəstək göstərmək və onların bələdiyyə seçkilərində fəal formada iştirakına təkan verməkdən ibarətdir.