REGİONLAR
Beyləqan rayonunun daha üç kəndi “mavi yanacaq”la təmin olunub VİDEO
Beyləqan, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Beyləqan rayonunun Kəbirli, Milabad və Mayak kəndlərinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər sakinləri təbrik edib, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 67039 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, Kəbirli kəndində 1063, Milabad kəndində 470, Mayak kəndində isə 180 abonent “mavi yanacaq”la təmin olunub. Bütün mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sakinlər onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.