REGİONLAR
Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşır
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdikləri “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 25 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Layihə çərçivəsində rayonun Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinin 5200, həmçinin bu ərazidə məskunlaşmış 800-dən artıq məcburi köçkünün içməli su problemi də öz həllini tapacaq.
Təməli 2012-ci il oktyabrın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş layihəyə uyğun olaraq Beyləqan şəhərini və ətraf yaşayış məntəqələrini içməli su ilə təmin etmək məqsədilə Əlinəzərli kəndi yaxınlığında 5 ədəd subartezian quyusu qazılıb və buradan şəhərə 8,6 kilometr uzunluğunda magistral su xətti çəkilib. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd anbar, nasos stansiyası tikilib.
Ümumi uzunluğu 91 kilometr olan şəhərdaxili su şəbəkəsinin 81 kilometrlik hissəsi inşa edilib, 4791 ünvan şəbəkəyə qoşulub. Artıq yeni şəbəkə ilə istehlakçılara içməli suyun verilməsinə başlanılıb.
İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə “Smart-kart” tipli sayğacların quraşdırılması davam etdirilir. İndiyədək 5200-dən çox abonentin 2 minə yaxını sayğacla təmin olunub. Yanğın təhlükəsizliyini təmin etmək üçün 321 yanğın hidrantı quraşdırılıb.
Layihə çərçivəsində Beyləqan şəhərinin kanalizasiya sistemləri də yenidən qurulur. İndiyədək 89,9 kilometr uzunluğunda kanalizasiya xətlərinin 83 kilometrlik hissəsi, eləcə də 2 mindən çox baxış quyusu inşa edilib. Növbəti mərhələdə məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək. Bununla da Beyləqan şəhərində yaranacaq tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək.
Qeyd edək ki, Beyləqan şəhərində içməli su və kanalizasiya sistemləri 1980-ci illərdə yaradılıb. Layihənin icrasına qədər şəhər sakinlərinin təqribən 30 faizi mərkəzləşdirilmiş qaydada qrafik rejimlə içməli su ilə təmin olunurdu. Digər əhali içməli suya olan tələbatını fərdi qaydada ödəyirdi.