REGİONLAR
Beyləqanda 13 min 488 hektarda taxıl biçiləcək
Beyləqan, 27 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonunda cari ilin məhsulu üçün 13 min 488 hektarda taxıl, o cümlədən 11 min 913 hektarda buğda, 1575 hektarda arpa yetişdirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, taxıl zəmilərinə normal qulluq göstərilməsi, sahələrə vaxtında mineral və üzvi gübrələrin verilməsi, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi, aqrotexniki tədbirlərə əməl edilməsi bol məhsulun yetişməsinə səbəb olub.
Rayonda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülür, texnika saz vəziyyətə gətirilir. Taxıl zəmilərinin yanğından mühafizəsi üçün rayonun kəndlərində maarifləndirici söhbətlər aparılır.
Taxıl biçininə rayonda olan 66 kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb ediləcək. Biçin kampaniyasına iyun ayının əvvəllərində başlanacaq.
Qeyd edək ki, ötən il Beyləqan rayonunda 19 min 328 hektarda taxıl becərilib, 61 min 714 ton məhsul əldə edilib.