REGİONLAR
Beyləqanda 4979 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub
Beyləqan, 1 may, AZƏRTAC
Beyləqan Rayon Gənclər Mərkəzində keçirilən müşavirədə pambıqçılığın inkişafına dair məsələlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Kənd Təsərrüfatı, İqtisadiyyat, Fövqəladə Hallar nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, “MKT İstehsalat Kommersiya” MMC-nin, rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələri, pambıqçılıqla məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri iştirak ediblər.
Müşavirədə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev rayonda pambıqçılığın vəziyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Beyləqanın iqtisadiyyatının əsasını heyvandarlıq və bitkiçilik təşkil edir. Pambıqçılıq sahəsində yüksək təcrübəsi, vərdişləri olan Beyləqanda 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalıb və əhali heyvandarlıq sahəsinə meyl edib. 2015-ci ildə 2079 hektar sahədə pambıq əkən mülkiyyətçilər torpaqların suvarılmasında, əkin zamanı çəkilmiş xərclərin, habelə satılmış pambığın dəyərinin istehsal müəssisələrindən alınmasında ciddi çətinliklərlə üzləşiblər.
Qeyd edilib ki, dövlət başçısının tapşırıq və göstərişləri nəticəsində bu sahədə dönüş yaradılıb və “MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialı tərəfindən pambığın alışı təşkil olunub.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov dövlət başçısının yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafının vacibliyini vurğulayıb.
Diskussiya şəraitində keçən tədbirdə fermer və iş adamları pambıqçılığın inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması istiqamətində görüləcək işlərdən söhbət acıblar. Müşavirədə 4979 hektar sahədə pambıq əkilməsi üçün fermerlərin səsləndirdikləri problemlər qeydiyyata götürülüb və bəzi məsələlər yerində həllini tapıb.