CƏMİYYƏT
Beyləqanda 6 mindən çox uşaq tibbi müayinədən keçirilib
Beyləqan, 23 oktyabr (AZƏRTAC, Tahir Ağaməmmədov). Respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da 18 yaşadək uşaqların tibbi müayinəsi davam etdirilir.
Beyləqan mərkəzi rayon xəstəxanasından AZƏRTAC-a bildiriblər ki, rayonda 18 yaşadək 23 min 500 uşaq var. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən aksiyanın yüksək səviyyədə başa çatdırılması məqsədilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim heyətindən ibarət iki səyyar qrup yaradılıb. Həkim qrupuna pediatr, nevropatoloq, lor, oftalmoloq və stomatoloqlar daxildir.
Tibbi müayinələr əsasən ümumtəhsil məktəblərində və uşaq bağçalarında aparılır. Bu günədək Beyləqan şəhərində 2032, qəsəbə və kəndlərdə isə 4045 uşaq tibbi müayinələrdən keçirilib. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanmış 404 nəfər müalicəyə cəlb olunub.
Aksiya dekabrın sonunadək davam edəcək.