RƏSMİ XRONİKA


Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib VİDEO

A+ A

Beyləqan, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı yenidənqurma və bərpadan sonra istifadəyə verilən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunda yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı yolun texniki göstəricilərini, görülən işləri əks etdirən stendlərə baxdı.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yolun 22 kilometrlik hissəsinin açılışı 2014-cü ildə dövlətimizin başçısının iştirakı ilə olub. Cari ildə isə Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.

Bildirildi ki, dördüncü texniki dərəcəyə uyğun layihələndirilən yolun uzunluğu 39 kilometrdir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki zolaqdan ibarətdir. Yol boyunca 80 suötürücü boru tikilib, 360 təhlükəsizlik dirəyi, müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ən əsası odur ki, 25 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır