REGİONLAR
Beyləqanda “Sülh aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir
Beyləqan, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bununla əlaqədar hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” keçirilir.
AZƏRTAC xəbər verir ki, Beyləqan rayon Mədəniyyət Mərkəzində “Dünyaya sülh” mövzusunda tədbir və kitab sərgisi təşkil edilib. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Mirzəyev çıxış edərək, 21 sentyabr - Beynəlxalq Sülh Gününün keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli mənəvi sərvətdir. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması bütün tarix boyu bəşəriyyəti düşündürüb. Təəssüf ki, dünyanın bir sıra xalqları bu gün də müharibələrdən əziyyət çəkir və bu müharibələrin qurbanı ən çox uşaqlar olurlar. Azərbaycan da 20 ildən artıqdır ki, ədalətsiz müharibəyə cəlb edilib. Torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq insan öz doğma yurd-yuvasından didərgin düşüb.
Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Gültəkin Məmmədova, Mədəniyyət Mərkəzinin direktoru İxtiyar Məhəmmədli və başqaları çıxışlarında ölkəmizdə keçirilən “Sülh aylığı”nın əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə öz töhfəsini verir. Odur ki, sentyabrın 21-dək rayonun bütün kitabxanalarında, uşaq bağçaları və ümumtəhsil məktəblərində “Dünyaya sülh” mövzusunda tədbirlər, kitab və rəsm sərgiləri keçiriləcək.