REGİONLAR
Beyləqanda kitab sərgisi açılıb
Beyləqan, 22 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan şəhər mədəniyyət və istirahət parkında açıq kitabxana günü keçirilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm şöbəsinin mərkəzləşdirilmiş kitabxana sistemi ilə birgə keçirdiyi kitab sərgisində müxtəlif sahələri əhatə edən nəşrlər nümayiş etdirilib.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Mirzəyev, mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Gültəkin Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin sədri Asif Cəfərli çıxış edərək, açıq səma altında keçirilən tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, açıq kitabxana gününün təşkil edilməsində məqsəd insanların kitaba marağını artırmaq, onları qiraətə həvəsləndirməkdir. Bu cür tədbirlər rayonda bundan sonra da mütəmadi olaraq keçiriləcək.
Rayonda dərc olunan “Mil” qəzetinin redaktoru Elman İsrafiloğlu tədbirin 22 İyul - Milli Mətbuat Gününə təsadüf etdiyini diqqətə çatdıraraq, Azərbaycan mətbuatının zəngin və şərəfli yoluna, “Əkinçi” qəzetinin fəaliyyətinə nəzər salıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışan natiq söz və mətbuat azadlığının, demokratik mühitin bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Bildirib ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Açıq kitabxana günündə Beyləqan yazarları 20-dən artıq kitabı kitabxanaya hədiyyə ediblər.