REGİONLAR


Beyləqanda pambıqçılığın inkişafına həsr olunmuş elmi-praktik seminar VİDEO

A+ A

Beyləqan, 7 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Beyləqan rayon Mil Təcrübə Stansiyasında pambıqçılığın inkişafına həsr olunmuş elmi-praktik seminar – tarla günü keçirilib.

AZƏRTAC xəbər verir ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Beyləqan Rayon İcra Hakimiyyəti və Mil Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə keçirilən seminarda alimlər, pambıqçılıq şirkətlərinin nümayəndələri və Mil-Qarabağ bölgəsi üzrə pambıqçılıqla məşğul olan fermerlər iştirak ediblər.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Sahib Cabbarov seminarda çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan danışıb. Bildirib ki, xam pambığın alış qiyməti artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq çoxalıb. Cari ilin məhsulu üçün ölkəmizdə 50 min hektarda pambıq əkilib, 100 min tondan artıq məhsul istehsalı gözlənilir.

Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xaliq Məmmədov və rayon kənd təsərrüfatı idarəsinin aqronomu Ramiz Şükürov rayonda aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı istiqamətində görülən işlərdən danışıblar. Məlumat verilib ki, Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu il rayonda 4030 hektar sahədə çiyid səpini aparılıb. Gələn il 8000 hektarda pambıq əkininin aparılması planlaşdırılır. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialı və “CTS Aqro” MMC-nin pambıq istehsalı və emalı zavodu ilə müqavilə əsasında becərirlər. Hazırda rayonda pambıq yığımına hazırlıq görülür.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun seleksiya şöbəsinin müdiri Ələddin Tağıyev institutda yaradılan yeni pambıq sortları, bioloji laboratoriyanın müdiri Qabil Bayramov zərərvericilərə qarşı bioloji mübarizənin üstünlükləri, Mil Təcrübə Stansiyasının direktoru İmamverdi Alıyev becərmə texnologiyası, aqrotexniki xidmət barədə tədbir iştirakçılarına məlumat veriblər.

Sonra tədbir iştirakçıları Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda yetişdirilən pambıq sortları ilə tanış olublar. Bildirilib ki, yerli pambıq sortları tez yetişən və məhsuldar olduğundan qeyri-sabit hava şəraitinin məhsuldarlığa təsiri minimuma endirilir. Yerli sortlar yüksək aqrotexniki qulluq nəticəsində orta hesabla hər hektara 50 sentnerədək məhsul vermək iqtidarındadır.

Seminarda fermerləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.