CƏMİYYƏT
Beyləqanda partlamış raket mərmilərinin hissələri tapılıb
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri fevralın 28-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Beyləqan rayonunun Birinci Şahsevən kəndində drenaj kanalına baxış keçiriblər. Baxış zamanı dörd partlamış raket mərmisinin mühərrik hissələri aşkar edilərək götürülüb. Ümumilikdə 1300 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən fevralın 28-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 99 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış olub. Ümumilikdə, 1968 partlamamış hərbi sursat, 64 tank əleyhinə və 5 piyada əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 738 min 303 kvadratmetr ərazi (385 min 853 kvadratmetr əl ilə, 161 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 78 min 450 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.