RƏSMİ XRONİKA
Beyləqanda şahmat məktəbi istifadəyə verilib VİDEO
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəbin binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşləri zamanı çəkilən maraqlı fotolar nümayiş olunur.
Buradakı 50 yerlik şahmat yarışı zalı zəruri avadanlıqla təchiz edilib. Məktəbin konfrans zalı, sinif və müəllimlər otaqları da müasirliyi ilə diqqəti cəlb edir. Bir sözlə, burada yeniyetmə və gənclərə şahmatın sirlərini öyrətmək üçün bütün imkanlar var.
Məktəb binasının orijinal dizaynı burada şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Buraya üz tutan gənclər həm asudə vaxtlarını maraqlı keçirir, həm də bilik və bacarıqlara yiyələnirlər.
Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər.
Sonda xatirə şəkli çəkdirildi.