REGİONLAR
Beyləqanda tanınmış pedaqoq Əli Əsgərovun 100 illik yubileyi qeyd edilib
Beyləqan, 12 oktyabr, AZƏRTAC
Tanınmış pedaqoq Əli Əsgərovun 100 illik yubileyi onun adını daşıyan Beyləqan rayon Yuxarı Kəbirli kənd orta məktəbində qeyd edilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar əvvəlcə mərhum pedaqoqun məktəbin qarşısındakı büstü önünə əklil və gül-çiçək dəstələri düzüblər.
Mərasimdə çıxış edən ziyalılar, Əli Əsgərovun şagirdləri, ağsaqqallar görkəmli pedaqoqun həyat və fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, ömrünün 50 ilə yaxınını pedaqoji fəaliyyətə həsr etmiş Əli Əsgərov öz işinə vicdanla yanaşıb, müəllim, şagird və valideynlərin hörmətini qazanıb. Əli müəllimin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, “Şanlı əmək”, “Əməkdə fərqləndiyinə görə”, “V.İ.Leninin anadan olmasının 100 illiyi şərəfinə” medalları ilə təltif edilib, Azərbaycan SSR-in Əməkdar Müəllimi fəxri adına layiq görülüb. 1991-ci ildə Beyləqan rayonunun Yuxarı Kəbirli kənd orta məktəbinə Əli Əsgərovun adı verilib, 2002-ci ildə məktəbdə pedaqoqun büstü qoyulub.
Mərasimdə görkəmli pedaqoqun oğlu, Milli Onkologiya Mərkəzinin şöbə müdiri Niyazi Əsgərov çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.