REGİONLAR
Beyləqanda ümumi məhsul buraxılışı birinci rübdə 50 milyon manat olub
Beyləqan, 17 aprel, AZƏRTAC
2017-ci ilin birinci rübündə Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 50 milyon manat olub. 8 milyon manatlıq sənaye məhsulları, 16 milyon manatlıq kənd təsərrüfatı məsulları istehsal edilib. Əsas kapitala 14 milyon manat investisiya yönəldilib, 13,4 milyon manatlıq tikinti-quraşdırma işlərinin aparılıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Beyləqan rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.
Aqrar sahədə əldə olunan uğurlardan bəhs edilərkən bildirilib ki, hesabat dövründə rayonda kənd təsərrüfatı məsulları istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artıb. Bu dövrdə 89 hektarı şəkər çuğunduru, 378 hektarı kartof, 1085 hektarı yonca, 1026 hektarı tərəvəz, 97 hektarı bostan bitkiləri olmaqla, 2675 hektar sahədə yazlıq əkin aparılıb. Hazırda rayonda çiyid səpini davam edir. Cari ildə 8500 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, birinci rübdə rayonda iri buynuzlu heyvanların baş sayı 782 baş artaraq 58 min 640 başa, xırdabuynuzluların sayı isə 312 baş artaraq 301 min 431 başa çatıb, 3 min ton ət, 11 min süd istehsal olunub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.