REGİONLAR
Beyləqanın Baharabad kəndində yeni tibb məntəqəsi istifadəyə verilib VİDEO
Beyləqan, 5 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonunun Baharabad kəndində Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə inşa edilən tibb məntəqəsi istifadəyə verilib. “Tibb məntəqəsinin tikintisi” layihəsi USAİD-in dəstəklədiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu tərəfindən icra olunub.
AZƏRTAC xəbər verir ki, tibb məntəqəsinin açılışı münasibətilə keçirilən mərasimdə ABŞ səfirliyinin, USAİD-in, İqtisadiyyat və Səhiyyə nazirliklərinin, yerli icra hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.
Mərasimdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərov layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib.
ABŞ səfirinin müavini Vilyam Gil yeni səhiyyə müəssisəsinin tikintisini Birləşmiş Ştatlar və Azərbaycan hökumətlərinin uğurlu əməkdaşlığının bariz nümunəsi kimi dəyərləndirib. “ABŞ Azərbaycanla əməkdaşlığa sadiqdir. Biz birgə işləyərək sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik”, – deyə Vilyam Gil vurğulayıb.
Şərq-Qərb İdarəetmə İnstitutunun ölkə üzrə direktoru Tim Mədiqan bildirib ki, tibb məntəqəsinin inşa edilməsi Beyləqan rayonunda həyata keçirilən 11-ci layihədir. Layihənin reallaşmasında yerli bələdiyyə və kənd icmasının üzvlərinin böyük köməkliyi olub.
Məlumat verilib ki, üç müayinə otağı və bir gözləmə dəhlizindən ibarət tibb məntəqəsi Baharabad kəndinin 1450 nəfər sakininə xidmət edəcək.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.