REGİONLAR
Beyləqanlı fermerlər gələn il pambıq əkinlərini iki dəfə artıracaqlar
Beyləqan, 21 sentyabr, AZƏRTAC
Beyləqan rayon Mədəniyyət Mərkəzində keçirilən müşavirədə pambıqçılığın inkişafı müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin, pambıq istehsalçılarının iştirak etdiyi müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev diqqəti pambıqçılığın inkişafına dair sentyabrın 17-də Sabirabadda keçirilən respublika müşavirəsində dövlətimizin başçısının nitqində qarşıya qoyulan vəzifələrə yönəldib.
Çıxışlarda ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan razılıqla danışılıb.
Bildirilib ki, kənd təsərrüfatı rayonu olan Beyləqanın iqtisadiyyatının əsasını heyvandarlıq və bitkiçilik təşkil edir. Pambıqçılıq sahəsində yüksək təcrübəsi və səriştəsi olan Beyləqanda 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalıb və əhali heyvandarlıq sahəsinə meyil edib. Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu il rayonda 4034 hektar sahədə pambıq becərilib. Gələn il isə 8500 hektarda pambıq əkininin aparılması planlaşdırılır.
Yığıncaqda pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, məhsulun vaxtında və itkisiz yığılması və pambıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.