REGİONLAR
Beynəlxalq Ahıllar Günü bölgələrdə geniş qeyd olunub
Zaqatala-Ağcabədi-Kürdəmir-Sumqayıt, 1 oktyabr, AZƏRTAC
1 oktyabr - Beynəlxalq Ahıllar Günü bölgələrdə geniş qeyd olunub.
Bu münasibətlə Zaqatalada keçirilən tədbirdə ölkəmizdə ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və sağlamlıqlarının qorunması istiqamətində reallaşdırılan davamlı tədbirlər, pensiyaların məbləğinin ilbəil artırılması bu təbəqədən olan insanlara göstərilən dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirilib.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsində keçirilən tədbirdə çıxış edənlər ölkəmizdə ahıl vətəndaşlara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, 1992-ci ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilən qətnaməyə əsasən, hər il oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. 1993-cü ildən bu bayramın Azərbaycanda da geniş qeyd edildiyi diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Çay süfrəsi ətrafında davam edən tədbirin sonunda şöbənin xidmətində olan ahıllara ərzaq yardımı göstərilib.
X X X
Ağcabədi rayonunun ahılları, ağsaqqalları rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün onlar gənc nəslin tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Ahıllar Günü münasibətilə Ağcabədi şəhərindəki “Qızıl saray” istirahət mərkəzində keçirilən bayram tədbirində səsləndirilib. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Əhmədov ahılları əlamətdar gün münasibətilə təbrik edib, əhalinin bu təbəqəsinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirərək, onların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli, sağlamlıqlarının qorunması sahəsində görülən işlərdən danışıb.
Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdı. 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalanması bu diqqətin bariz nümunəsidir. Bu siyasət bu gün də uğurla aparılır.
Tədbir bayram süfrəsi ətrafında konsert proqramı ilə davam etdirilib.
X X X
Kürdəmir şəhər 3 saylı uşaq bağçası-körpələr evində 1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunan bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, yaşlı insanların, xidmət təşkilatları əməkdaşlarının iştirak etdikləri tədbirin iştirakçıları əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbiri rayon icra hakimiyyətinin müavini Vəsilə Əsgərli açaraq yaşlı insanları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edib, onlara xoş günlər arzulayıb. V.Əsgərli ölkəmizdə ahıllara göstərilən dövlət qayğısından, bu sahəyə ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin diqqət və qayğısından danışıb.
Natiq Kürdəmir rayonunda da ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıldığını vurğulayıb.
Tədbirdə ahıllar adından çıxış edən Dursun Nəbiyeva onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda uşaq bağçası-körpələr evinin balaca fidanlarının ifasında nənə-babalara həsr edilən mahnılar, şeirlər oxunub, əbədi-bədii kompozisiya nümayiş etdirilib.
X X X
Sumqayıtda Beynəlxalq Ahıllar Günü qeyd olunub. Ağsaqqalların, müharibə və əmək veteranlarının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin qeydiyyatında olan ahılların da qatıldığı tədbir şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov tədbirdə çıxış edərək şəhərdə ahıllara göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə çıxış edənlər ahıllara, diqqətə ehtiyacı olan insanlara dövlət qayğısından danışıb, BMT–nin qərarı ilə keçirilən 1 oktyabr – Beynəlxalq Ahıllar Gününün önəmindən bəhs ediblər.
Söz alan ahıllar son zamanlar Sumqayıtda həyata keçirilən sosialyönümlü layihələri, doğma şəhərin sürətlə dəyişən simasını bəyəndiklərini qeyd edərək, dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bayram süfrəsi arxasında keçirilən tədbirdə ahıllar bir-birini əvəz edən musiqi sədaları altında rəqs edib, əyləniblər.
Sonda tədbir iştirakçılarına ərzaq bağlamaları təqdim olunub.