CƏMİYYƏT
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi “Zəngi” liseyində tədbir keçirdi
Bakı, 28 mart, AZƏRTAC
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (İB) Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Əlil uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” layihəsi çərçivəsində paytaxtın Nizami rayonundakı “Zəngi” liseyində tədbir təşkil edib.
İB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən İctimai Birliyin sədri Tahir Xudiyev layihənin əsas məqsədinin əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqların müvafiq məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət və onların keyfiyyətli təhsil imkanlarının artırılmasına kömək etməkdən ibarət olduğunu bildirib. O, layihənin Lerik və Bakının Nizami rayonlarında həyata keçirildiyini vurğulayıb, fiziki qüsurlu istedadlı uşaqlara xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyini bildirib.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, rayonu icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Əli Axundov, “Zəngi” liseyinin direktoru Bayram Heydərov, AMEA-nın İnsan Hüquqları İnstitutunun şöbə müdiri, professor Eldar Qorin və digərləri layihənin əhəmiyyətindən, fiziki qüsurlu uşaqların təhsilinə diqqətin artırılmasından danışıblar.