CƏMİYYƏT


Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

A+ A

Bakı, 30 noyabr, Əziz Məmmədov, AZƏRTAC

Noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti“ İctimai Birliyi (İB) ilə AMEA-nın İnsan Hüquqları İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunmuş tədbirdə Milli Məclisin deputatları, Ombudsman Aparatının, QHT-lərin, əlil təşkilatlarının nümayəndələri iştirak ediblər.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədri Tahir Xudiyev giriş nitqində xatırladıb ki, 1992-ci ildə BMT Baş Məclisi dekabrın 3-nü Beynəlxalq Əlillər Günü elan edib. O bildirib ki, bu gün insan hüquqlarına tam və bərabər riayət olunması və əlillərin cəmiyyətin həyatında iştirak etməsi məqsədi ilə təsis edilib. Əlillər günü diqqəti əlillərin problemlərinə cəlb etməyə, onların ləyaqət və hüquqlarının müdafiə olunmasına, siyasi, sosial, iqtisadi və mədəni həyatda əlillərin iştirakından cəmiyyətin qazandığı üstünlükləri göstərməyə istiqamətlənib.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda sağlamlıq imkanları məhdud olan adamlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Ölkəmiz BMT-nin “ƏIillərin hüquqları haqqında” Konvensiyasının müddəalarına riayət edir. Azərbaycanda bu qəbildən olan vətəndaşların maddi və mənəvi tələbatının təmin edilməsi istiqamətində aparılan işlər, habelə həyata keçirilən sosial proqramlar diqqətə çatdırılıb. H.Rəcəbli vurğulayıb ki, dünyada təqribən bir milyard əlil yaşayır və bu da dünya əhalisinin təqribən 15 faizini təşkil edir. Azərbaycanda isə əhalinin 6 faizdən az hissəsi, yaxud təqribən 570 min nəfəri əlildir. Komitə sədri bildirib ki, cəmiyyət yalnız o halda uğurlu hesab edilir ki, orada əlillər qayğı ilə əhatə olunur, onlar üçün hər cür şərait yaradılır.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib ki, Prezident İlham Əliyev əlillərə böyük diqqət və qayğı ilə yanaşır. Respublikada sağlamlıq imkanları məhdud olan şəxslərə qayğı göstərilməsi ilə bağlı böyük işlər görülüb. Əlillərin respublikanın həyatında fəal iştirak etməsi və onların hüquqlarının tam təmin edilməsi üçün konkret tədbirlər görülür, layihələr həyata keçirilir.

Ombudsman Aparatının əlillərin hüquqları üzrə məsləhətçisi Müqalib Mahmudov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eksperti Şövkət Bəkirov və başqaları çıxışlarında bildiriblər ki, əlillərin maddi təminatının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əlillərin sosial müdafiəsinin gücləndirilməsi və onların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər təqdirəlayiqdir. Bildirilib ki, sosial müdafiəyə ehtiyacı olan bütün insanlar kimi əlillər də dövlətin hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunub, onların problemlərini həll etmək üçün zəruri tədbirlər görülür. Vurğulanıb ki, Prezident İlham Əliyev əlillərin rifahının yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir. Çıxış edənlər əlillər barəsində stereotiplərin dəyişdirilməsinin vacib olduğunu da qeyd ediblər. Belə ki, cəmiyyətin sağlamlıq imkanları məhdud olan insanlara münasibətinin dəyişdirilməsi istiqamətində işlər məhz KİV-lər, peşə müsabiqələrinin təşkili, əlilliyi olan insanların müvəffəqiyyətli iş təcrübəsinin təbliği vasitəsilə aparılmalıdır.

Sonra “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin tarixi və fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin rəqs qrupu və bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.