MƏDƏNİYYƏT
Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və “Güvən” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi xüsusilə qayğıya ehtiyacı olan insanların gündəlik həyat çətinliklərini aradan qaldıraraq, asudə vaxtlarının səmərəli keçirmələrinə imkan yaratmaq, onlara diqqət və qayğı ilə əhatə olunduqlarını hiss etdirməkdən ibarətdir.
Əlillərin cəmiyyətə inteqrasiyası, mədəni həyatlarının yaxşılaşdırılması məqsədilə Şüvəlan qəsəbəsindəki 2 nömrəli internat məktəbinin şagirdləri muzeyin qonağı olublar. Uşaqlara muzey haqqında ətraflı məlumat verilib.
Daha sonra tədbir əyləncəli oyunlarla davam edib.