CƏMİYYƏT
Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişləri üçün seminar keçirir
Bakı, 21 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində əmək müfəttişləri üçün “Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair monitorinq proqramların və ya planların hazırlanması və realizə olunmasında Əmək Müfəttişliyinin rolunun gücləndirilməsi” mövzusunda seminar keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) mütəxəssisinin iştirakı ilə keçirilən ikigünlük seminarın açılışında qeyd olunub ki, BƏT-lə əməkdaşlığın mühüm istiqamətlərindən biri də əmək müfəttişliyi sahəsində işçi heyətin bilik və bacarıq səviyyələrinin qabaqcıl dünya təcrübəsi əsasında yüksəltməkdir. BƏT-lə birgə icra olunan “Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması” layihəsi çərçivəsində də həmin istiqamət əsas yer tutur.
Layihə çərçivəsində Xidmətin işçi heyəti üçün aidiyyəti mövzularda treninqlər təşkil olunur. Bundan əvvəl “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institusional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninq keçirilib. Tədbir çərçivəsində İşçi Qrupu üçün iki illik seminar proqramı tərtib olunub və hazırkı seminar həmin proqram çərçivəsində keçirilən ilk tədbirdir.
BƏT-in Moskva ofisinin eksperti Roman Litvyakovun iştirakı ilə keçirilən seminar əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair monitorinq proqramların və ya planların hazırlanması, həmçinin həyata keçirilməsi ilə əlaqədar qabaqcıl dünya təcrübəsi əsasında əmək müfəttişlərinin bilik və bacarıq səviyyələrinin artırılması məqsədi daşıyır.
Seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları ilə yanaşı, Həmkarlar İttifaqları və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyalarının nümayəndələri də iştirak edirlər.