CƏMİYYƏT


Beynəlxalq Əmək Təşkilatının 2016-2017-ci illər üçün Qlobal Əməkhaqqı hesabatının təqdimatı olub

Bakı, 21 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının nümayəndələrinin iştirakı ilə BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əməkhaqqı hesabatının təqdimatı olub.

Nazirlikdən AZƏRTAC-a xəbər verirlər ki, təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əməkhaqqı hesabatının dünyada və planetin ayrı-ayrı regionlarında real əməkhaqqı, onunla əmək məhsuldarlığı arasında əlaqə, əmək ödənişində gender nisbətindəki dəyişiklik, əməkhaqqının bölgüsündə qeyri-bərabərlik, əmək bazarının aləti kimi minimum əməkhaqqının üstünlükləri barədə məlumatları əldə etməyə imkan verdiyini qeyd edib.

Nazir müavini iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanlarının daha da artırılması sahəsində görülən tədbirlər barədə məlumat verərək son on ildə ölkəmizdə minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq əməkhaqqının 3,3 dəfə artdığını, nəticə etibarilə yoxsulluq səviyyəsinin 6 faizdən, işsizlik səviyyəsinin isə 5 faizdən aşağı endiyini bildirib: “2016-cı ildə ölkədə muzdla çalışanların orta aylıq əməkhaqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6, orta aylıq əməkhaqqı neft sektorunda 2805, qeyri-neft sektorunda 444 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 375, özəl müəssisələrdə çalışan işçilərin əməkhaqları isə 674 manat təşkil edib”.

Nazir müavini 2015-ci illə müqayisədə 2016-cı ildə işçilərin orta aylıq əməkhaqqının sənayedə 14,9 faiz artaraq 900, inşaat sektorunda 18,6 faiz artaraq 814, kənd təsərrüfatı müəssisə və təşkilatlarında 4 faiz artaraq 256,6 manata çatdığını diqqətə çatdırıb. Əməkhaqqının əhalinin gəlirlərinin formalaşmasında və məcmu istehlakın stimullaşdırılmasında mühüm rol oynadığını qeyd edən İ.İsayev bildirib ki, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 45395 milyon manata çatıb. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4710 manat və ya ayda 392,5 manat təşkil edərək 7,5 faiz artıb.

Əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılması üçün işçilərin peşəkarlıq və ixtisas səviyyələrinin artırılmasının vacibliyini qeyd edən nazir müavini bunun əmək məhsuldarlığının artımında başlıca vasitə olduğunu qeyd edərək bildirib ki, qadınların əmək bazarına yüksəkixtisaslı işçi kimi çıxış imkanlarının artırılması nəzərdən keçirilməlidir.

AHİK sədrinin birinci müavini İlyas Əliyev BƏT-in Qlobal Əməkhaqqı hesabatından irəli gələn məsələlərin aktuallığından bəhs edərək işçilərin əməkhaqlarının onların maddi firavanlığına uyğun olması və əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasının layiqli əməyin əsas komponentlərindən olduğu barədə danışıb və bu barədə AHİK-in mövqeyini diqqətə çatdırıb.

ASK-nın hüquq şöbəsinin müdiri Xəqan Hümmətzadə özəl sektorda işçilərin əməkhaqqlarının müəyyən olunması barədə danışıb və həmin sektorda da mütəmadi şəkildə əməkhaqqı artımlarının olduğunu qeyd edib.

BƏT-in layiqli əmək üzrə texniki dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin əməkhaqqı üzrə mütəxəssisi Nikolas Studer Azərbaycanda əməkhaqqı siyasətinin daim on planda saxlanması, minimum əməkhaqlarının artırılması və ölkədə orta aylıq əməkhaqqı səviyyəsinin getdikcə yüksəlməsinin təqdirəlayiq olduğunu bildirib.

BƏT-in rəsmiləri Nikolas Studer və Rosalia Vazquez BƏT-in 2016-2017-ci illəri əhatə edən Qlobal Əməkhaqqı hesabatını təqdim ediblər. Müzakirələr şəraitində davam edən tədbirdə əməkhaqqı siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.