CƏMİYYƏT
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
Bakı, 22 iyul, AZƏRTAC
Dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmi və mütərəqqi təcrübənin paylaşılmasının əhəmiyyəti prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması və daha da inkişafı istiqamətində fəaliyyət uğurla davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) “Təcrübə elmə qovuşur” mövzusunda keçirilən sayca IV Yay Akademiyasında (IACSA) Azərbaycan Prokurorluğunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokurorları Natiq Eyvazov və Ziya Hacıyev təmsil ediblər. Qırxa yaxın dövlətin nümayəndələrinin iştirak etdikləri tədbirdə bir sıra nüfuzlu elm və araşdırma mərkəzlərinin professorları, beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında qabaqcıl mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr edilib.
Tədbir iştirakçıları praktiki tapşırıqların həllində fəal iştirak ediblər. Həmçinin müxtəlif mövzularda təqdimatlar keçirilib. İnteraktiv şəkildə keçirilən təlim zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Az inkişaf etmiş ölkələrin nümayəndələrinin Akademiyada təhsil alaraq mənsub olduqları ölkələrdə korrupsiyaya qarşı mübarizəyə töhfə verə bilmələri üçün Yay Akademiyasının iştirakçılarının təşəbbüsü ilə könüllü ianə toplanılaraq IACA-nın təqaüd fonduna təqdim edilib. Mütərəqqi addım kimi qiymətləndirilən bu təşəbbüs təşkilat tərəfindən sertifikatlaşdırılıb.
Tədbirin sonunda iştirakçılara IACSA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunub.