İQTİSADİYYAT
Beynəlxalq Asiya Multimodal Logistika Konfransında Ələt Azad Ticarət Zonası barədə məlumat verilib
Bakı, 15 oktyabr, Elvin Camalov, AZƏRTAC
Rumıniyada keçirilən Beynəlxalq Asiya Multimodal Logistika Konfransının iştirakçılarına Ələt qəsəbəsində yaradılan Azad Ticarət Zonası tipli iqtisadi zona barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Konfransda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev iştirak edib.
Təşkil olunan konfrans eyni zamanda Beynəlxalq Nəqliyyat və Logistika mövzusuna həsr olunmuş Beynəlxalq Translogistika Sərgisinin açılış mərasiminə həsr olunub.
Rəsmi şəxslərin, Yeni İpək Yolu boyunca yerləşən ölkələrin, eyni zamanda Avropanın iş adamları və tədqiqatçıların iştirak etdiyi tədbirə 150-dən çox iştirakçı qatılıb. Konfransda Rumıniyanın “CFR Marfa” şirkəti, “DP Cargo Rail Romania”, “DP World”, “DB Schenker”, “Rofersped”, “Kontantza” Limanı, “Dacia-Renault”, “Transferoviar Grup”, “E-P Rail”, “Vest Trans Rail”, “Ferest group”, “VTG Germany H. Essers”, “China Chopping”, “TTS”, “Rail Cargo”, “Titan Containers”, “Unicorm group”, “BCVO Logistics”, “Xpo Logistics”, “Delfinul Trans”, “CAEM”, “DPD. Alberti e Santi”, “ASG Wind”, “SSI Schaefer”, “Toyota Material Handling” və sair kimi böyük şirkətlər və qruplar iştirak ediblər.
Paneldə çıxış edən Tural Əliyev “hub” strategiyası və Ələt Azad Ticarət Zonası barədə məlumat verib. O bildirib ki, Ələt qəsəbəsində inşa edilən yeni Bakı Limanı və yaxın gələcəkdə yaradılacaq Azad Ticarət Zonası tipli iqtisadi zona nəinki Azərbaycanın, həmçinin bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcək. Bu da öz növbəsində Azərbaycanın istehsal potensialını artıracaq. Bu proseslərin hər biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin regional “hub”a (qovşaq) çevrilməsi istiqamətində apardığı siyasətin bir hissəsidir.