CƏMİYYƏT
Beynəlxalq Avrasiya Mətbuat Fondu İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-si ilə əməkdaşlıq edəcək
Bakı, 25 iyul, AZƏRTAC
Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-si arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
BAMF-dan AZƏRTAC-a bildiriblər ki, tərəflər Azərbaycan və İsrail həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması zərurətini nəzərə alaraq mətbuat və informasiya sahələrində, eləcə də vətəndaş cəmiyyətinin inkişafı istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyət göstərəcəklər. Hər iki təşkilat sosial-mədəni tədbirlər vasitəsilə iki ölkənin jurnalistləri və ictimai xadimləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini təşviq edəcəklər. Bununla yanaşı, ölkələrinin iqtisadi, siyasi, mədəni və sosial həyatı ilə daha yaxından tanış olmaq və fikir mübadiləsi aparmaq üçün kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini təşviq edəcəklər.
İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-si və BAMF Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, Xocalı soyqırımının İsraildə, eləcə də digər ölkələrdə təbliğ olunması, tanınması istiqamətində proqramların hazırlanması, analitik yazıların dərc olunması, Qarabağın tarixini, mədəniyyətini əks etdirən tədbirlərin keçirilməsi, nəşrlərin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər. Hər iki təşkilat Azərbaycan və yəhudi xalqlarının üzləşdiyi faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkələrimizin ağrılı məsələlərinin gündəmdə saxlanılması istiqamətində fəaliyyəti dəstəkləyərək birgə işləyəcək.