CƏMİYYƏT
Beynəlxalq Bank “Pensiya+” xidmətinin əhatə dairəsini genişləndirir
Beynəlxalq Bankdan AZƏRTAC-a verilən məlumata görə, pensiya kartı sahibləri “Riyadfarm”, “Avesta Farm” və “Azəri-Med” şirkətlərinin apteklərində, “Oksigen” klinikasında, “Neptun”, “Araz”, “Makromarket”, “Armo Store”, “Rahat”, “Favorit”, “Everest” və “Bolmart” supermarketlər şəbəkələrində nağdsız ödənişlərlə alış-veriş edə bilərlər. Hazırda bu xidmətə 20-dən artıq müəssisə qoşulub. Onların sayı daha da artırılacaq və xidmət yaxın gələcəkdə ölkənin regionlarını da əhatə edəcək.
“Pensiya+” xidməti çərçivəsində bütün pensiya kartlarının sahibləri avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limiti əldə edirlər. Təqaüdçünün müraciəti əsasında bu məbləği artırmaq da olar.
Xidmət pulsuzdur, təqaüdçüdən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur. Kreditdən yalnız müvafiq ticarət müəssisələrində nağdsız alış-veriş zamanı, həmçinin ABB-nin bankomatları və rəsmi internet səhifəsi ilə kommunal ödənişlərin aparılması üçün istifadə oluna bilər. Kredit limitindən istifadə pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən avtomatik şəkildə tutulur. Borc tam ödənildikdən sonra kredit xətti yenidən aktivləşdirilir.