İQTİSADİYYAT
Beynəlxalq Caspian Energy Forum–2015 17 ölkədən 300 nümayəndəni bir araya toplayacaq
Bakı, 6 mart, AZƏRTAC
3-cü Beynəlxalq Caspian Energy Forum-2015 bu il martın 11-də Bakıda keçiriləcək. Dünyanın 17 ölkəsindən 300-dən artıq nümayəndənin forumda iştirakı tədbirin yüksək statusunu və aktuallığını bir daha sübut edir. Forumun təşkilatçısı Caspian Energy International Media Group-dur.
Caspian European Club-dan AZƏRTAC-a verilən məlumatda bildirilir ki, forumun təşkili dövlət qurumları ilə özəl şirkətlər arasında dünya bazarlarındakı, o cümlədən neft bazarındakı vəziyyətlə bağlı fikir mübadiləsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarına inteqrasiyasının bütün aspektlərinin müzakirəsi planlaşdırılır.
Enerji, nəqliyyat və infrastruktur layihələrində Azərbaycanın hakim mövqeyi, artan upstream qaz sektoru, Cənub dəhlizi layihəsi və Xəzərin ehtiyat potensialı forumun məruzəçilərinin, nümayəndə və iştirakçılarının diqqət mərkəzində olacaq.
İkinci hissədə isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forumu keçiriləcək. Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, inşaat və digər qeyri-neft sektoru sahələrinə innovasiyaların tətbiqi, eləcə də biznesin aparılması, biznes-hakimiyyət dialoqunun qurulması məsələləri müzakirə ediləcək.
3-cü Beynəlxalq Caspian Energy Forum-2015-ə rəsmi dəstəyi Azərbaycan hökuməti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Caspian European Club göstərir.
Qızıl sponsorlar: Cross Caspian Oil and Gas Logistics LLC, “Azpetrol Ltd” MMC və PASHA Bank ASC. Gümüş sponsor: «Azərbaycan Dəmir Yolları» QSC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azersun Holding. Bürünc sponsorlar: Ecoland, PASHA Insurance, Caspian Wireline Services, SOCAR-FUGRO, Atropatena. Tərəfdaşlar: Socar Polymer və Murphy Shipping and Commercial Services.