MƏDƏNİYYƏT
Beynəlxalq Caz Günü münasibətilə təntənəli konsert bu il Havanada keçiriləcək
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 30-da beş qitənin musiqiçiləri və caz pərəstişkarları Beynəlxalq Caz Gününü qeyd etmək üçün Havanaya toplaşacaq. Əlamətdar günlə bağlı, eləcə də Kubanın paytaxtının zəngin mədəniyyəti, o cümlədən musiqisi, adət-ənənələri ilə tanındığı barədə məlumat UNESCO-da elan edilib.
“UNESCO-nun baş direktoru İrina Bokova və qurumun xoşməramlı səfiri Herbi Henkok 6-cı dəfə keçirilən Beynəlxalq Caz Gününün 2017-ci ildə bütün dünyada aprelin 30-da qeyd ediləcəyini açıqlayıb. Əlamətdar günün əsas hadisəsi dünya miqyasında tanınan ulduzların iştirakı ilə Havanada Alisiya Alonso adına Böyük Teatrda baş tutacaq konsert olacaq”, - deyə UNESCO-nun məlumatında bildirilir.
AZƏRTAC BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir ki, Havanadakı konsert UNESCO-nun rəsmi saytlarında canlı yayımlanacaq. Tədbirdə bütün dünyadan artistlər iştirak edəcək.
Konsertlə yanaşı, Kubanın və digər ölkələrin bir çox görkəmli musiqiçiləri və pedaqoqları ustad dərsləri, cemseyşn, improvizasiya məşğələləri və caz konsertlərində iştirak edəcəklər. Bu tədbirlər Havana və Kubanın digər şəhərlərindəki məktəb, muzey, şəhər mərkəzləri, kitabxana, caz klublar və parklarda keçiriləcək. Bundan əlavə, on minlərlə kubalı məktəblilər caz tarixinin öyrənilməsi üçün proqramlarda iştirak edə bilər.
Qeyd edək ki, azadlığın və yaradıcılığın universal dili kimi cazın xüsusi rolu nəzərə alınaraq 2012-ci ildə UNESCO-nun baş konfransı tərəfindən Beynəlxalq Caz Gününün qeyd edilməsi qərara alınıb.