CƏMİYYƏT


Beynəlxalq Dağınıq Skleroz Günü qeyd olunub

Bakı, 24 may, AZƏRTAC

Mayın 25-də Beynəlxalq Dağınıq Skleroz Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) tədbir keçirilib.

Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (AzDHTİ) sinir xəstəlikləri kafedrasının dosenti Rövşən Həsənov və assistenti Rəhim Əliyev, akademik M.Mirqasımov adına RKX-nın baş həkiminin müavini Mahir Babayev, II sinir xəstəlikləri şöbəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, dağınıq skleroz xəstəliyi bütün dünyada olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual məsələlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə ölkədə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” təsdiq edilib. Dövlət proqramının icrasına başlandıqdan sonra dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi sahəsində bir sıra nailiyyətlər əldə edilib.

Bildirildi ki, dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir.

Toplantıda qeyd edildi ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması ilə ölkəmizdə bu xəstəlikdən əziyyət çəkənlərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin, həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması uçun bütün lazımi şərait yaradılıb. Dövlət proqramı çərçivəsində dağınıq skleroz xəstəliyi olan şəxslərə zamanında tibbi yardımın göstərilməsi, diaqnozun qoyulması və müalicə tədbirlərinin aparılması beynəlxalq tibbi protokollara uyğun olaraq davam etdirilir. 2013-2016-cı illər ərzində proqram çərçivəsində 1240-dan çox xəstə müayinə olunub. Onlardan təxminən 1000 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və xəstələr müvafiq preparatlarla dövlət tərəfindən tam təmin edilir. 100-dən artıq xəstə dinamik müşahidəyə götürülüb, 104 xəstədə diaqnoz tamamilə inkar edilib.

Dövlət proqramı çərçivəsində davamlı tədbirlər həyata keçirilir. Hazırda proqram çərçivəsində tibb işçilərinin bu sahədə təkmilləşdirilməsi, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işi aparılır. Hər il Nevroloqların Milli Assosiasiyası Ə.Əliyev adına AzDHTİ-nun sinir xəstəlikləri kafedrası ilə birgə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacılarına “Avonex” preparatının (interferon beta-1a) inyeksiya metodikası ilə bağlı təlim kursu keçirilir.

Mütəmadi olaraq keçirilən Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı respublikanın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunur. Həmçinin Ə.Əliyev adına AzDHTİ-nun sinir xəstəlikləri kafedrasının, Azərbaycan Tibb Universitetinin Nevrologiya və Tibbi genetika kafedrasının və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları ilə birgə 1000 nüsxə tirajla “Dağınıq skleroz üzrə klinik protokol” hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.