ELM VƏ TƏHSİL
Beynəlxalq Dağlar Gününün yaradılmasının ildönümünə həsr olunan elmi seminar
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın və Çinin dağlıq ərazilərinin inkişaf problemləri” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, BMT Baş Məclisinin təşəbbüsünə əsasən qeyd edilən Beynəlxalq Dağlar Gününün ildönümünə həsr olunan seminarda mərkəzin direktoru, dosent Rafiq Abbasov xüsusi ekosistemlərin və mədəni irsin obyektləri kimi dağların əhəmiyyətindən söz açıb. O, unikal təbiət abidələrini qorumaq məqsədilə “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın əhəmiyyətini qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və direktorun müavini, professor Elbrus Əlizadə institutun Çin alimləri ilə elmi əlaqələrindən, dağlıq təbii - iqtisadi geosistemində Azərbaycanın davamlı inkişaf problemlərindən söz açıblar.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri UNESKO-nun Dünya İrs Siyahısına daxil olmuş Çin relyefinin unikal formasından danışıblar.
Sonra Azərbaycan və Çin təbii, tarixi və mədəni irsinə həsr olunan sənədli filmlər nümayiş etdirilib.
Qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin Dili və Mədəniyyəti Mərkəzi tərəfindən hazırlanan, Azərbaycan və Çin dillərində nəşr olunan, Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə edilib.