İQTİSADİYYAT
Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyasında Azərbaycan da təmsil olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 17-dən 21-dək Londonda Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyası keçirilib. Ölkəmizi sessiyada Dövlət Dəniz Administrasiyasının (DDA) rəisi Qüdrət Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Administrasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Dənizdə insan həyatının mühafizəsinə dair”, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq konvensiyalara edilən dəyişikliklərin təhlil olunması və milli qanunvericiliyə implementasiyası sessiyanın gündəliyində duran əsas məsələlər olub. Həmçinin üzv dövlətlərin nümayəndələri “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın Dənizdə təhlükəsizliyin artırılması üzrə xüsusi tədbirlər ilə əlaqədar əlavə edilməsi nəzərdə tutulan yeni Qaydanın və “Qütb sularında istismar edilən gəmilər üçün təhlükəsizlik tədbirləri” adlı yeni məcəllənin layihələrini müzakirə ediblər.
Komitənin 94-cü sessiyasında dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar məruzələr dinlənilib.
Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri və üzv dövlətlərin nümayəndələri ilə görüşüb, onlara respublikamızda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyası bir sıra Beynəlxalq konvensiyalara dəyişikliklərə dair qərarın qəbul edilməsi ilə yekunlaşıb.