İQTİSADİYYAT


Beynəlxalq Elektrorabitə İttifaqı: İKT iqtisadiyyatın inkişafında çox mühüm rol oynayır

Bakı, 14 iyul, AZƏRTAC

Yeni informasiya-kommunikasiya texnologiyaları ( İKT) iqtisadiyyatın inkişafında və Davamlı İnkişaf Məqsədlərinin əldə olunmasında çox mühüm rol oynayır. Amma hazırda planetimizin sakinlərinin çoxu bu texnologiyaların üstünlüklərindən istifadə edə bilmir. Onların təqribən 3,9 milyard nəfərinin internetə çıxışı yoxdur.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu barədə fikirlər Beynəlxalq Elektrorabitə İttifaqının (BEİ) yeni məruzəsində açıqlanıb. Məruzə BMT sisteminin 20 idarəsinin köməyi ilə hazırlanıb. Məsələn, Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri yeni texnologiyaların fermerlərə köməyi imkanlarını öyrəniblər, Dünya Səhiyyə Təşkilatının (DST) nümayəndələri isə İKT-nin səhiyyə sahəsinə töhfəsini təhlil ediblər.

Məruzə müəllifləri qeyd edirlər ki, müasir dövrün iqtisadiyyatının təməlində informasiya və kommunikasiya texnologiyaları dayanır. Bu texnologiyalar sayəsində istehsalatda, işədüzəlmə sahəsində insanlar üçün çoxlu imkanlar yaranıb. Həmin texnologiyalar bank əməliyyatları aparmağa, bir çox sosial və tibbi xidmətlərdən faydalanmağa kömək edir.

Məsələn, fermerlər əkin işlərinin monitorinqini aparmaq üçün pilotsuz uçuş aparatlardan və peykdən çəkilmiş şəkillərdən istifadə edirlər. Tibb mütəxəssisləri və alimlər molekulyar genetika sahəsində məlumat toplayıb təhlil etmək və tədqiqatlar aparmaq üçün "süni intellekt"i səfərbər edirlər.

BMT-nin baş katibi Antoniu Quterriş məruzənin müqəddiməsində yazıb: "Rəqəmsal inqilabın töhfəsi anbaan daha aydın görünür. Davamlı inkişafın 2030-cu ilə qədər gündəliyində bəşəriyyətin inkişafında qlobal rəqəmsal inqilabın böyük potensialı etiraf olunur. Bugünkü məruzədə ehtiyacı olan icmalara və insanlara yardım göstərilməsi zamanı BMT sistemi idarələrinin artıq istifadə etdikləri, yaxud təklif etdikləri informasiya texnologiyaları barədə məlumat var".

BEİ-nin başçısı Houlin Çjao bildirib ki, beşinci nəsil mobil rabitə texnologiyaları yaranmaq üzrədir. 5G texnologiya xüsusən sənayenin avtomatlaşdırılması, habelə ifrat yüksək sürət, siqnalötürmədə son dərəcə aşağı ləngimə tələb edən digər sahələrdə ən ağlasığmaz kompüter əlavələrinin və ssenarilərinin yaranmasına kömək edəcək. Bu texnologiyalar saniyədə bir neçə giqabit sürətlə internetə qoşulmağa imkan verəcək. O deyib ki, bu gün bəşəriyyətin həyatını əsaslı surətdə yaxşılığa doğru dəyişdirməyə qadir olan beşinci nəsil şəbəkənin sürətli inkişafı müşahidə olunur.

Yeni məruzə Nyu-Yorkda yüksək səviyyəli Sabit İnkişaf üzrə Siyasi Forumda təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.