İQTİSADİYYAT
Beynəlxalq Enerji Agentliyi: Sentyabrda qlobal neft təklifi artıb
Bakı, 11 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Sentyabrda qlobal neft təklifi avqust ayı ilə müqayisədə gündəlik 600 min barrel artaraq 97 milyon 200 min barrelə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı sentyabrda avqusta görə gündəlik 160 min barrel artmaqla 33 milyon 640 min barrel olub. OPEC-in xam neftdən başqa digər şərti olmayan istehsalı isə gündəlik 6 milyon 950 min barrel təşkil edib. Beləliklə sentyabrda OPEC-in ümumi neft istehsalı 40 milyon 590 min barrel olub.
Sentyabrda qeyri-OPEC ölkələrinin neft istehsalı isə gündəlik 500 min barrel artaraq 56 milyon 590 min barrel olub. Təklifdəki gündəlik artımın böyük hissəsini (4 milyon 320 min barrel) Kanada təmin edib.
Ötən ay OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı rekord səviyyədə - gündəlik 10 milyon 580 min barrel hasilat reallaşdırıb. İran ilin əvvəlindən indiyədək hasilatı gündəlik 760 min barrel artırıb. Beləliklə İranın gündəlik neft istehsalı 3 milyon 670 min barrel səviyyəsinə çatıb.
Sentyabrda Venesuelanın neft istehsalı keçən illə müqayisədə gündəlik 370 min barrel azalıb. Ölkədə sentyabrda gündəlik istehsal 2 milyon 130 min barrelə düşüb. Nigeriyada isə gündəlik neft hasilatı 46 min barrel azalaraq 1 milyon 450 min barrel olub.
OPEC-ə üzv ölkələrdə hasilatın artması qlobal neft təklifinin sentyabrda gündəlik 600 min barrel artaraq 97 milyon 200 min barrelə çatmasına səbəb olub.
Hesabata görə, bu il qlobal neft tələbi keçən ilə görə gündəlik 1 milyon 200 min barrel artaraq 96 milyon 300 min barrel olacaq. Gələn il isə neft tələbatının 97 milyon 500 min barrelə çatacağı nəzərdə tutulur.
OPEC-in 8 il aradan sonra istehsalı gündəlik 33 milyon barreldən 32,5 milyon barrelə endirməsi qərarı qəbul olunarsa neft bazarı yenidən tarazlanacaq.