MƏDƏNİYYƏT
Beynəlxalq “Gənclik-İstanbul” film müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 30 noyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə İstanbulun “Camal Rəşid Rəy” konsert salonunda “Qlobal problemlərin həllində gəncliyin kreativliyi” mövzusunda keçirilən “Gənclik-İstanbul” adlı beynəlxalq film müsabiqəsində qalib gələn filmlərin təqdimatı və yaradıcı heyətlərinin təntənəli mükafatlandırma mərasimi keçirilib.
İKGF və “Boğaziçi” beynəlxalq film dərnəyinin nümayəndələrindən ibarət münsiflər heyəti finala qədər yüksəlmiş 10 ölkəni təmsil edən 12 filmdən ən peşəkar və üstün 4 filmi qalib olaraq seçib.
İKGF-dən AZƏRTAC-a bildirilib ki, seçilmiş ekran əsərləri və onların rejissorları qalib elan olunub. Bu sırada Ahmet Bikicın “Ana” (Türkiyə) filmi birinci, Güzel Osmanovanın “Özünə inan” (Tatarstan) ekran əsəri ikinci, Damiel Hernandezin “Niyə?” (İspaniya) filmi üçüncü yerə, Soheil Sadeghinin “Gözəl şəhər” (İran) filmi isə xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, İƏT Gənclər Forumu tərəfindən İstanbul şəhərinin 2015-ci il üçün “İslam dünyası Gənclik Paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirləri çərçivəsində 3 ay bundan əvvəl sözügedən müsabiqəyə start verilib. Ötən müddət ərzində Kambocadan tutmuş Komor adalarına qədər İran, İsveç, Hindistan, Çin, Braziliya, Fransa, Türkiyə, İspaniya, Litva, Fələstin də daxil olmaqla 57 ölkədən müsabiqəyə 859 film göndərilib. Müsabiqəyə göndərilən filmlər “qaçqınlar”, “zorakılıq və terrorizm”, “gəncliyin iştirakı”, “qloballaşma və etnik çağırışlar” və s. mövzularını əhatə edib. Finalçılar siyahısına düşmüş 12 film eyni zamanda “Boğaziçi” film festivalı çərçivəsində İstanbulda nümayiş olunub.
Mükafat alan filmlər İKGF-nin “Youtube” və “Facebook” kanallarında da yayımlanacaq.